Namazın sirlərindən agah olaq
Məsumların (ə) nəzərində namazın yeri barədə məlumat əldə etmək üçün, hədislərə müraciət edək.
Namazın sirləri.
Namaz - Allah yanında Allaha yaxınlaşmaq və İlahi rəhmət vasitəsidir. Ürəyi və evi nurani edər. O zaman ki, insan namaz qılar, ətrafında olan hər bir şey Allahı zikr edər. Səcdə - Allaha yaxınlaşmanın ən yaxşı yoludur. Ona görə də hədisdə deyilir ki, uzun səcdə insana əzabdan nicat verər. Həmçinin kamil rüku insanı qəbir qorxusundan xilas edər.
Təvazökarlıq ünsiyyətin ədəbindəndir. Qəlb hüzuru - namazın zinətidir. Namaza yaxın olmaq - günahın bağışlanmasına, namazın qəbul olmasına səbəb olar. Məsum İmamlar (ə) namazı qəlb hüzuru və namaza yaxın olaraq yerinə yetirərdilər.
Namaz və günah.
Namaz günahın bağışlanmasına və onun məhv olmasına səbəb olar. Keçmiş günahlar namaz qılaraq aradan gedər. Demək olar ki, namaz günahdan saxlayan amildir. Bəzi hədislər namazı (cümə namazını) o günün kəffarəsi bəyan etmişdilər. Namaz - günahın yuyulması və keçmiş günahların tökülməsidir. Gələcək günahlar qarşısında isə səddir.
Namaz və şeytan (lən).
Namaz - şeytanın uzaq olma amilidir və şeytanın (lən) üzünü qara edər. Namaz şeytanın sınmasına səbəb olar. Namazqılan möhkəm namaz qalasında özünü müdafiə edər. Səbəbsiz deyildir ki, İblis (lən) namazqılana və onun uzun səcdəsinə görə fəryad çəkər. Çünki insana həsəd aparar. Namazqılan şeytanın şərindən amanda olar. Namaz şeytanın qovulmasına səbəb olar. Hətta ölüm anında belə şeytan namazqılandan uzaq olar. Şeytan insanın namazından əsəbləşər. Şeytan namazqılandan ciddi şəkildə qorxar.
Namaz - Qiyamət günü.
Namaz axirət azuqəsi, behiştin açarı, insanın behiştə daxil olma səbəbidir. Ona atəşdən və əzabdan nicat verər. Namazqılan dəstəmaza görə hesab vermədən behiştə daxil olar. Behiştin evlərində sakin olar. Namaz - namazqılan ilə atəş arasında səddir. Namazqılanın cismini atəşdən uzaq edər.
Namazı tərk etmək.
Namazı tərk etmək - dini məhv edər və əməli aradan aparar. Yəni, imanla küfr arasındakı fasilə namazı tərk etməkdir. Namazı tərk edən - atəş əhlidir. Allah və Rəsulunun (s) amanından uzaq olar. Hədislər buyurur ki, namaza qarşı etinasız olmaqdan və səhlənkarlıqdan çəkinin. Buna görə də o namazqılan ki, namazını tərk etməz, lakin ona qarşı diqqətsiz olarsa, Məsumların (ə) şəfaətindən məhrum olar.
Namazın qəbul olması.
"O kəs ki, namazın ədəbinə riayət edər - mömindir". Təmiz paltar geyinmək, misvak etmək, ətir vurmaq, məsciddə namaz qılmaq, uzun qunut, azan və iqamə, rüku və səcdədə salavat demək, namazı əvvəl vaxtda qılmaq, namazdan sonra dua etmək, İmam Hüseyn (ə) türbətinə səcdə etmək - müstəhəb əməllərdəndir.
Yorumlar
Yorum Gönder