“Gündə 100-dən çox CV nəzərdən keçirirəm. İşaxtaranlara verə biləcəyim 15 tövsiyə”

 Sahibkar Yomna El-Serafi işaxtaranların “CV” yazarkən yol verdiyi tipik səhvlərdən bəhs etdi və onun tərtib edilməsinə dair bəzi tövsiyələr verdi.

Əvvəla, “HR” sahəsində işləmədiyimi və bu barədə ixtisaslaşmış təhsilə sahib olmadığımı bildirmək istəyirəm. Tövsiyələrin hamısı şəxsi təcrübəmdən irəli gəlir. Şirkətimizin mövcud olduğu ilk ildə komandamız çox kiçik idi və startaplarda olduğu kimi, bir işçi eyni anda bir neçə vəzifəni yerinə yetirirdi. Yeni işçiləri özüm seçirdim – vakansiya elanlarını yerləşdirirdim, sonra isə “CV”lərə baxırdım. Budur ki, təcrübəmdən aldığım dərslər:

1. Müsahibə alan şəxsin vaxtı yoxdur

Mən böyük korporasiyada deyil, kiçik startapda işləyirəm və yenə də gündə yüzlərlə “CV” qəbul edirəm. Bəzən onlara bir-bir baxırdım və daha üçünün gəldiyini görürdüm. Təsəvvür edin ki, böyük şirkətlər gündə nə qədər “CV” qəbul edirlər. Onların hamısını nəzərdən keçirmək çox çətindir.

Bir “CV”yə orta hesabla 10 saniyə vaxt sərf edirdim. Bu müddət ərzində onu oxumağa davam etmək istədiyimə (və ya kənara qoyacağıma) dair qərar qəbul edirdim. 10 saniyədə işəgötürən məktubunuzu, “CV”nizi və ya əlavə göndərdiyiniz hər hansı digər mətni nəzərdən keçirir.

Daha sonra maksimum iki dəqiqə ərzində həmin şəxsi müsahibəyə çağırmağa hazır olub-olmadığımı düşünürəm. “CV”nin həcmindən asılı olmayaraq həmişə onu nəzərdən keçirmək üçün eyni vaxt sərf edirəm. Buna görə çox uzun “CV” hazırlamaq mənasızdır, çünki sizi digər namizədlərdən fərqləndirən ən vacib məqamları göstərmək fürsətini itirirsiniz.

2. Səhvlər həmişə göz qabağındadır

Namizədlərin sayı çox olduqda, səhvlər işəgötürənə sizi deyil, başqa namizədi seçməyə təşviq edə bilər.

3. Faylın adı məlumatverici olmalıdır

Əgər “CV”nin adı “3200_TFRG1987” kimidirsə, çətin ki, xoş təəssürat yaradasınız. Unutmayın ki, müraciətiniz və işəgötürənə göndərdiyiniz fayl aşağıdakı sualların cavablandırılmasına kömək etməlidir:

“Bu insanın mənimlə işləməsini istəyirəmmi?”

“Bu namizəd ixtisaslı işçi təəssüratını yaratdımı?”

“Bu namizəd necə biridir?”

“Bu namizəd komandamız üçün faydalı olacaqmı?”

Bəs siz “CV” sənədinizin adı ilə işəgötürənə nə demək istəyirsiniz?

4. Lazımsız sənədlər göndərməyin

Əgər vakansiya elanında yalnız “CV” göndərməli olduğunuz deyilirsə, yalnız onu göndərin. İstəsəniz, əlavə motivasiya məktubu da göndərə bilərsiniz. Lakin xarici dil biliyinizi təsdiq edən sertifikatları, əvvəlki iş yerlərindən aldığınız tövsiyələri və tələb olunmayan digər sənədləri göndərməyinizə ehtiyac yoxdur. İşəgötürənlər onsuz da onlara baxmayacaqlar.

5. “CV”nin vakansiya elanına uyğun olub-olmadığını yoxlayın

Çox vaxt şirkətimizdə bir neçə vakansiya açırıq. Əgər “CV” vakansiya elanına uyğun deyilsə, işəgötürənin gözündə etibarsız namizəd kimi görünəcəksiniz. Və nəticədə bu və ya digər müraciət etdiyiniz işi əldə edə bilməyəcəksiniz.

6. “CV” maksimum 1-2 səhifə tutmalıdır

Düzünü desəm, hətta bir səhifə kifayətdir. Lakin özünüz haqqında məlumatı bir səhifəyə sığdıra bilmirsinizsə, iki səhifə də məqbul sayılır. Əsas odur ki, heç bir halda bu limiti keçməyəsiniz. Şəxsi təcrübəmdən deyə bilərəm ki, üç və daha çox səhifəlik “CV”ləri dərhal görməməzliyə vururam. Unutmayın ki, işəgötürənlərin vaxtı yoxdur.

Əsas məqamları vurğulamağı öyrənin və işəgötürənin vaxtına qənaət edin. Bu bacarıq, yəqin ki, iş yerində sizin üçün çox faydalı olacaq, buna görə “CV” yazarkən diqqətli olun.

7. Motivasiya məktubu bir səhifədən çox olmamalıdır

Bundan artıq yazmağa ehtiyac yoxdur, çünki işəgötürən sizin beş səhifəlik essenizi oxumayacaq. Onun diqqətini cəlb etmək istədiyiniz iki və ya üç əsas məqama vurğu etməyiniz kifayətdir.

8. Məktubun mətnini unutmayın

“CV”ni elektron poçtla göndərirsinizsə, məktuba ən azı bir neçə sətir əlavə etməyi unutmayın. Yaxşı olar ki, yazdığınız məktubda qrammatik səhvlərin olub-olmadığını bir neçə dəfə yoxlayasınız.

9. Məktubun mövzusu məlumatverici olmalıdır

Təkcə “CV” yazmaq bəs deyil. Bu, sizin qeyri-peşəkar olduğunuzu bildirir və ilk təəssüratı korlayır.

10. Sizdən tələb olunan hər şeyi göndərin

İş elanında “CV”dən başqa portfolio göndərməyiniz tələb olunursa, bunu etməyi unutmayın. İşəgötürənin sizə xatırlatma göndərəcəyini və ya portfolio haqqında unudacağını gözləməyin.

11. Əlaqə məlumatlarınızı yoxlayın

Elektron poçt adresinizdə hərif səhvlərinin olub-olmadığını, qeyd etdiyiniz nömrənin düzgünlüyünü yoxlayın. Əgər işəgötürən sizinlə əlaqə qurmağa çalışsa və səhv insana zəng etsə, çətin ki, axtarışını davam etsin. O, onsuz da gündə onlarla “CV” nəzərdən keçirir.

12. “CV”yə yalnız həqiqəti yazın

Yalanı müəyyən etmək asandır, buna görə “CV”də yalan danışmaq rədd cavabı almağın ən sürətli yoludur. Əldə etmədiyiniz nailiyyətləri yazmayın, əks halda işəgötürən sizə etibar edə bilməyəcək.

13. Müraciətinizi formatlaşdırın ki, oxunuşu daha asan olsun

Yaxşı olar ki, “CV”nin məzmununu ayrı-ayrı bloklara böləsiniz. Bu, sadə abzaslardan və ya paraqraflardan daha yaxşıdır. Bununla da, işəgötürən bütün ən vacib məlumatları dərhal görə biləcək.

14. İşəgötürən şirkətin adında səhvlərə yol verməyin

Əgər motivasiya məktubunda başqa bir şirkətin adını yazmısınızsa, işəgötürənin gözündə tənbəl və məsuliyyətsiz biri kimi görünəcəksiniz.

15. Yaşadığınız (və ya işləmək istədiyiniz şirkətin yerləşdiyi) ölkədə məqbul sayılan “CV” formatlarından istifadə edin

Xarici şirkətə müraciət edirsinizsə, o ölkədə “CV”nin tərtib edilməsi qaydalarının nədən ibarət olduğunu öyrənin. Məsələn, Türkiyə və Misirdə namizədlər hər zaman “CV”yə öz şəkillərini əlavə edirlər, İngiltərə də isə belə bir qayda yoxdur.

Unutmayın ki, işəgötürən də sizin kimi insandır. O da işini asanlaşdırmaq istəyir, buna görə ona kömək edin və “CV”ni mümkün qədər sadələşdirin.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Information about provocations of the Armenian armed forces

Oğlaq bürcü

İradə haqqında anlayış