Əmək haqqını necə razılaşdırmaq olar: qorxmayanlar üçün 10 tövsiyə
İşəgötürən sizə iş təklifi etdikdə, adətən alacağınız əmək haqqı səviyyəsini də qeyd edir. Onun tutacağınız vəzifə, sahib olduğunuz təhsil, bacarıq, təcrübə və istedada uyğun olmadığını düşünürsünüzsə, daha böyük məbləğ barədə razılığa gəlmək üçün müzakirə apara bilərsiniz.
Əmək haqqı (başlanğıcda) və gələcəkdə onun artırılması (iş yerində) barədə danışıqlar apara bilmək – karyeranız boyunca sizə daha çox qazanmağa kömək edəcək və gördüyünüz iş üçün ədalətli kompensasiya ödəyəcək dəyərli bacarıqdır. Lakin hər bir bacarıq kimi, uğurlu danışıqlar da müəyyən hazırlıq və təcrübə tələb edir.
Budur sizə əmək haqqı səviyyəsinin müzakirəsinə hazırlaşmağa kömək edəcək 10 faydalı məsləhət.
1. Dəyərinizi müəyyənləşdirin
Danışıqlara başlamazdan əvvəl işəgötürən üçün nə qədər dəyərli olduğunuzu başa düşməlisiniz. Nə qədər əmək haqqı alacağınıza təsir edən bir neçə amil var:
- yaşayış yeri,
- ümumi iş təcrübəsi,
- rəhbər vəzifələrdə iş təcrübəsi,
- təhsil səviyyəsi,
- əvvəl tutduğunuz vəzifələrin səviyyəsi,
- təcrübi bacarıqlar,
- diplomlar, sertifikatlar və yüksək səriştənizi təsdiq edən digər sənədlər.
Niyə dəyərli işçilərdən biri olacağınızı izah edin və almaq istədiyiniz əmək haqqınızı əsaslandırmaq üçün yuxarıdakı amillərdən arqument kimi istifadə edin.
Tarixən iş axtaranlar dəyərlərini olduğundan aşağı qiymətləndirirlər. Bu səhvə yol verməmək üçün ananızdan, həyat yoldaşınızdan və ya ən yaxın rəfiqənizdən əmək bazarı haqqında daha çox məlumatı olan karyera məsləhətçisindən tövsiyə ala bilərsiniz.
2. Əmək bazarındakı vəziyyəti araşdırın
Əmək bazarındakı vəziyyət haqqında məlumatınız olsa, danışıqların uğurla bitmək ehtimalı daha yüksək olacaq. Bu məqsədlə işədüzəlmə saytlarına müraciət edə bilərsiniz. Orta əmək haqqı səviyyəsini bilmək gözləntiləriniz üçün zəmin yaradacaq və danışıqlardakı mübahisələrdə əlavə arqument rolunu oynayacaq. Lakin əmək bazarındakı vəziyyəti qiymətləndirərkən nəzərə almalı olduğunuz bir neçə məqam var:
- Bu vəzifə üçün ölkədə orta əmək haqqı nə qədərdir?
- Yaşadığınız yer və ya yaxınlıqdakı şəhərlərdə orta əmək haqqı nə qədərdir?
- Regionlardakı digər şirkətlər bu vəzifədə olan işçilərə nə qədər pul verirlər?
3. Əsas arqumentlərinizi hazırlayın
Bu suala əvvəlcədən cavab vermək sizin üçün faydalı olacaq: niyə işəgötürənin təklif etdiyi əmək haqqından daha çox pul qazanmağa layiq olduğunuzu düşünürsünüz? Əmək haqqı artımını müzakirə etməzdən əvvəl ən az bir neçə tutarlı arqument hazırlayın.
- Əvvəlki iş yerlərində qazandığınız nəticələr – məsələn, çatdığınız hədəflər və ya effektivlik göstəriciləri, daha yüksək gəlir səviyyəsi, mükafatlar. Mümkündürsə, real rəqəmləri səsləndirə bilərsiniz.
- Sənayedə illərin təcrübəsi, xüsusən işəgötürənin vakansiyanın təsvirində tələb etdiyi müddətdən çoxdursa.
- Bacarıq və sertifikatlar, xüsusən də işləmək istədiyiniz sənayedə onlara yüksək tələbat varsa.
4. Dostunuzla məşq edin
Yüksək səslə nitqinizi özünüzə və ya dostunuza danışın – bu, özünəinamı gücləndirməyə və “zəif nöqtənizi” müəyyən etməyə kömək edəcək. Alternativ olaraq nitqinizi videoya yaza və ya güzgü qarşısında danışa bilərsiniz.
5. Özünəinamlı olun
Təqdimat dediyiniz sözlər qədər vacibdir. Nə qədər inamlı görünsəniz, işəgötürən arqumentlərinizi bir o qədər diqqətlə dinləyəcək. Şirkətə lazım olan bacarıq və təcrübəyə sahib olduğunuzu vurğulamağı unutmayın. Müzakirə olunan əmək haqqı bu dəyərə uyğun olmalıdır.
İşəgötürənin ilkin təklifinin bilik və təcrübənizə uyğun olmadığını düşünürsünüzsə, bunu əmək bazarındakı statistika ilə təsdiqləyə bilərsiniz.
6. Hədəf etdiyiniz məbləğdən artığını istəyin
Əmək haqqı haqqında danışıqların əsas qaydası budur: işəgötürənə almaq istədiyiniz əmək haqqından bir az yüksək məbləğ bildirin. Qarşı tərəf söylədiyiniz rəqəmi azaltmağı bacardığı təqdirdə, onsuz da psixoloji cəhətdən rahat qəbul edə biləcəyiniz maaş təklifi alacaqsınız.
Almağa hazır olduğunuz əmək haqqı diapazonunu təyin etsəniz, çox güman ki, işəgötürən aşağı həddi seçəcək. Unutmayın ki, aşağı hədd elə olmalıdır ki, onu ədalətli hesab edə biləsiniz.
7. Əmək haqqınıza xərcləri də daxil edin
Əmək haqqının artırılmasını tələb etmək üçün başqa bir səbəb – düzəldiyiniz işdə ortaya çıxan xərclərdir. İş yeriniz evinizdən çox uzaqdırsa, almaq istədiyiniz əmək haqqı səviyyəsinə ictimai nəqliyyat xərclərini və ya benzinin qiymətini əlavə edin.
8. Çevik olun
İşəgötürən sizə istədiyiniz əmək haqqı verə bilmirsə, böyük ehtimal ki, başqa kompensasiya formalarından söz açacaq. Məsələn, opsionlar, əlavə istirahət günləri və ya evdən işləmək imkanı. Alternativlər barədə soruşmağa çəkinməyin. Bəzi hallarda onlar əmək haqqından daha dəyərli və qiymətli olurlar.
9. Getməkdən və ya imtina etməkdən qorxmayın
Bəzən elə olur ki, işəgötürən əmək haqqı ilə bağlı tələblərinizi ödəyə bilmir, əlavə müavinətlər təklif etmir və ya maaşınızı ehtiyacınız olduğu qədər artırmır. Bu halda işə qəbul olmaq və ya çıxmaq qərarını verməlisiniz.
Yeni vəzifə əvvəlkindən daha az stres ehtiva edirsə, ofis evinizə daha yaxındırsa, iş formatı çevikdirsə və boş vaxtınız çox olacaqsa – bunlar daha aşağı əmək haqqına razılaşmağınız üçün tutarlı səbəblərdir. Bütün digər hallarda başqa iş yeri axtarmağınız tövsiyə olunur.
10. Təşəkkür edin
İş şəraitinin müzakirəsinə keçdiyiniz an artıq çox vaxt və səy sərf etmiş olacaqsınız: CV-ni göndərmək, məktub yazmaq, bir neçə müsahibədən keçmək. Kadr mütəxəssisləri və gələcək rəhbərlər də bu prosesə çox vaxt sərf ediblər, buna görə onlara təşəkkür etməlisiniz. Niyə bu işdə işləmək istədiyinizi izah edin, məsələn, şirkətin korporativ mədəniyyətindən və ya unikal məhsullarından danışın.
İş təklifini rədd etsəniz belə, bunu səmimi və peşəkar şəkildə etmək vacibdir. Ən azından buna görə ki, gələcəkdə bu işəgötürənin sizə nə təklif edəcəyini bilmirsiniz.
Yorumlar
Yorum Gönder