Müsahibədə yanlış cavab verdiyiniz 5 sual
Hansı vəzifə tutmağa çalışdığınızın heç bir əhəmiyyəti yoxdur – müsahibədə sizə vaxtaşırı eyni suallar veriləcəkdir. Və bəzən onlara cavab vermək o qədər də asan olmur. Tipik səhvləri yadda saxlayın və onları aradan qaldırmaq üçün əlinizdən gələni edin.
Özünüz haqqında danışın
Ümumiyyətlə, bu sualdan sonra insanlar adətən həyatları haqqında danışmağa başlayırlar və özləri haqqında vacib hekayələri danışmaq fürsətini əldən verirlər.
Belə bir xahiş eşitdikdə, təhsiliniz, əvvəlki iş yeriniz, hobbiniz və daha çox şeyin detallarını izah etməyə başlaya bilərsiniz. Lakin heç kim sizdən həyatınıza dair hesabat verməyinizi istəmir. Belə hekayə həmsöhbətə heç bir məqsədi olmayan bir şəxs olduğunuzu göstərir.
Bunun əvəzinə özünüz haqqında çatdırmaq istədiyiniz ən vacib mesajı düşünün. Cavabınız bu fikrin mahiyyətini əks etdirməlidir. Məsələn, deyə bilərsiniz: “Mən ünsiyyətlə əlaqəli vəzifələrdə özünü yaxşı göstərmiş bir insanam” və ya “Məni rəhbərlik həvəsi təyin edir”. Unutmayın ki, təbliğ edəcəyiniz fikir işəgötürənin sizdə axtardığı keyfiyyətlə üst-üstə düşməlidir.
Niyə bu işlə maraqlanırsınız?
Bu, çətin sualdır, çünki ona verəcəyiniz cavabın işlə heç bir əlaqəsi olmaya bilər. Məsələn, həmişə moda sənayesində çalışmaq istədiyiniz üçün geyim mağazasına müraciət etdiyinizi söyləyə bilərsiniz. Və ya dizayner olduğunuzu və reklamla məşğul olmaq istədiyinizi deyəcəksiniz. Digər tipik bir cavab: “Keçmiş iş yerimi tərk etməyə hazır olduğumu başa düşdüm”. Bütün bu cavablar doğrudur, lakin işəgötürəni təəccübləndirməyəcək.
Fürsətdən istifadə edərək nəyi bildiyinizi, işdə qarşılaşa biləcəyiniz çətinlikləri və nəyə görə istedadlarınız sizə kömək edəcəyini göstərin. Daha dərinə gedin və niyə bu vakansiyaya uyğun olduğunuzu izah edin.
Ən böyük zəifliyiniz nədir?
Bu suala dürüst bir cavab vermək inanılmaz dərəcədə çətindir. Bəli, hər birimizin zəif tərəfləri var. Əgər bu suala hazır deyildinizsə, belə cavab verə bilərsiniz: “Mənim zəif cəhətim odur ki, “deadline”lara görə həddindən çox narahat oluram” və ya “Komandam əlbir işləyə bilməyəndə əsəbiləşirəm”. Bu cavab doğru olmaqla yanaşı, həm də risklidir.
İşəgötürənə yalan danışmayın, bunun əvəzinə ən güclü tərəfinizi “zəiflik” kimi təqdim edin. Məsələn, belə deyə bilərsiniz: “Hər zaman mükəmməl nəticə əldə etməyə çalışıram, bu səbəbdən perfeksionist olduğumu söyləyə bilərəm”. Və ya “Komandamdan maksimumu sıxmağa çalışıram, buna görə birlikdə çalışdığım insanlar iddialı hədəflərə sahib olmalıdırlar”.
Əvvəlki iş yerinizi niyə tərk etdiniz?
Bu sualın da doğru və yanlış cavabı var.
Vəzifənizi tərk etməyinizə səbəb olan mənfi şeylər haqqında danışmaq düzgün deyil. Rəhbərinizlə yola gedə bilmədiyinizi və ya komandada özünüzü rahat hiss etmədiyinizi söyləsəniz, işəgötürənin sizə rədd cavabı verməsi üçün səbəbi olacaq. Eyni şeyi hər hansı digər mənfi cavaba tətbiq etmək olar (“İş yerim evimdən çox uzaq idi” və ya “İş çox vaxtımı alırdı və ailəmə diqqət ayıra bilmirdim”). Bəlkə də, hər şey dediyiniz kimi idi, lakin belə cavab sizə işə düzəlməyə kömək etməyəcək.
Bunun əvəzinə əvvəlki iş yerinizdə karyera zirvəsinə çatan və daha irəli getməyə qərar verən iddiası bir işçi imicini yaradın. Qazandığınız uğurlar, əldə etdiyiniz nailiyyətlər və sahib olduğunuz bacarıqlar haqqında məlumat verin.
Eyni zamanda əvvəlki həmkarlarınızı və ya sizə ilham verən müdirinizi tərk etməli olduğunuz üçün təəssüf hissi keçirdiyinizi ifadə edə bilərsiniz. “İnkişaf etməyin vaxtıdır” vurğulamağı unutmayın.
10 ildən sonra özünüzü harada görürsünüz?
İkimənalı suallardan biri də budur. Sizdən müsahibə alan şəxsin vəzifəsini tutmaq istədiyinizi desəniz – məsələn, vitse-prezidentin və ya direktorun – özünüzü çox təhlükəli vəziyyətə salmış olacaqsınız. Belə cavab həmsöhbətinizi incidə bilər.
Sadəcə qarşıdakı on il üçün planlarınız haqqında danışın. İşəgötürən konkret karyera planlarınız olduğunu görəcək və sizi məqsədyönlü bir insan kimi qiymətləndirəcək. Lakin unutmayın ki, müasir dövrdə planlar asanlıqla dəyişə bilər, bunu da qeyd etməyiniz yaxşı olar.
Müsahibələr stresə səbəb olur, bütün bu suallara düzgün cavab axtarışı isə vəziyyəti daha da pisləşdirir. Buna görə onlara necə cavab verəcəyinizi əvvəlcədən bilməlisiniz. Nə qədər yaxşı hazırlaşsanız, nəticəniz bir o qədər uğurlu olacaqdır.
Yorumlar
Yorum Gönder