Əməlin qəbul olması üçün lazım olan 2 şərt

 

Əməlin qəbul olması üçün lazım olan 2 şərt



"Özlərinin Rəbbinə kafir olanların hallarının təsviri belədir: Onların (xeyir) əməlləri tufanlı bir gündə üzərindən şiddətli bir külək əsən (və hamısı sovrulub dağılmış) kül kimidir. Onlar kəsb etdiklərindən bir şey (dünyəvi nəticələr, mənəvi təsirlər və axirət mükafatları) əldə etməzlər. Budur həmin uzun-uzadı zəlalət!". ("İbrahim" 18).

Quranın buyurduğuna görə kafirlərin yaxşı işləri üç dəstədir: Allaha görə xeyir iş görərlər. Bütlərinə yaxınlaşmaq üçün xeyirli işlər görərlər. Şöhrət və vəzifə əldə etmək üçün xeyir iş görərlər.

Quran onların bu xeyir əməllərini belə təsvir edir. Fərz edin ki, bir əkinçi torpağını zənginləşdirmək üçün bir qədər kül hazırlamışdır. Onu bağın hər tərəfinə yaymaq istəyir. Anidən şiddətli külək əsir və külün bütün zərrələrini havaya qaldırır. Onun uçmağına heç cür mane olmaq olmur. Nəticədə əkinçi bu işdən nəticə ala bilmir və əliboş qalır.

Allah Təala buyurur ki, kafir istər əməli bütlərinə görə etmiş olsun, istərsə də şöhrət qazanmaq üçün - etdikləri Allah yanında heç bir dəyərə malik deyildir. Həmin külə bənzəyir. Necə ki, əkinçi etdiyi işdən nəticə ala bilmir, kafirlər də xeyir işlərini bütlərə görə etdiklərinə görə mükafatını da gərək onlardan alsınlar.

İslam məktəbində iki şərt olarsa, əməl qəbul olar. Birincisi əməl gözəl olmalıdır və ikincisi isə niyyət gözəl olmalıdır. Onların əməlləri zahirdə gözəl olsa da, niyyətdə gözəl deyildir. Bu, ona bənzəyir ki, bir nəfər xəstəxana tikir, ancaq niyyəti çirkin əməl görmək üçün olur. Misal üçün bu xəstəxana vasitəsilə şöhrət qazanmaq istəyir.

İnsan hər bir işini Allaha görə etməlidir və niyyəti Allaha yaxınlaşmaq olmalıdır, bu zaman dəyərli olar.

Həzrət Peyğəmbərin (s) zamanında müşriklər Kəbə evini təmir edirdilər, ancaq Quran onların bu işini dəyərsiz hesab edirdi. "Müşriklərə öz küfrlərinə şahid olduqları halda (küfrlə şirk tovhidlə bağlı əməllərə zidd olduğu üçün) Allahın məscidlərini abadlaşdırmaq (tikməkdən tutmuş digər bəzək işlərinə kimi) yaraşmaz, haqları yoxdur, şəriət və ağıl baxımından da düzgün deyildir. Onların bütün (xeyir) əməlləri hədərə gedib puç olmuşdur və onlar odda əbədi qalacaqlar". ("Tövbə" 17).

Bu ayə müşrikləri belə bir xeyir işdən məhrum edir və əməllərini dəyərsiz hesab edir. Zahirdə gözəl görünsə də, batində çirkin əməldir. Allaha pərəstiş etməyən bir insan Onun evini necə abadlaşdıra bilər ki?

Ona görə də Allah bu xeyir işi möminlərə layiq bilir və buyurur: "Həqiqətən Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və (dini vəzifələrin yerinə yetirilməsində) Allahdan başqa heç kəsdən qorxmayan şəxslər (maddi və mənəvi cəhətdən) abad edərlər. Buna görə də onların hidayət olunmuşlardan olmalarına ümid vardır". ("Tövbə" 18).

Allah Təala bizləri hidayət olunmuşlardan qərar versin. 

Yorumlar

Bu blogdaki popüler yayınlar

Information about provocations of the Armenian armed forces

Oğlaq bürcü

İradə haqqında anlayış