May ayında niyə toy etmirik? - SƏBƏB May ayında niyə toy etmirik? - SƏBƏB

 


May ayında niyə toy etmirik? - SƏBƏB

May ayında niyə toy etmirik? - SƏBƏB


Səbəbkar yasəməndir, ermənidir, yoxsa... Bu ayda toylara qeyri-rəsmi vetonun rəngarəng səbəbləri barədə

“May ayı gəldi, toylardan canımız qurtardı”...Toylardan şikayət edə-edə ondan vaz keçə bilməyən, şadlıq sarayına girəndən çıxana qədər qol götürüb oynayan xalqımızın dilinin əzbəridir bu cümlə. Hər il aprelin sonu yaxınlaşanda insanlar nisbətən rahatlayır. Neyçün ki, Azərbaycanda may ayında toy keçirmək o qədər də dəb sayılmır. Səbəb? Biz də növbəti dəfə bu müzakirəni gündəmə gətiririk: stereotip, tibbi faktorlar, yoxsa dini inanc?

Səbəb - yasəmən, bol yağışlar, yoxsa bərəkətsiz ay?..

Öncə ondan başlayaq ki, tarixdə də may ayının “toxunulmazlığı” barədə bəzi şeylər qeyd edilib. Məsələn, mayda toylara veto qoyulması Qədim Romaya gedib çıxır. Bəzi fikirlərə görə, may sözü “Maius” latın sözündən götürülüb. Bu söz isə öz kökünü qədim Romada Mayi İlahəsinin adından götürüb. Başqa bir versiyada isə deyilir ki, Qədim Romada may ayında “Lemuriya” deyilən tədbir keçirilirdi. Bütün ay ərzində məbədlər bağlanır, camaat ölənlərini yada salır, dua oxuyur, məclislər verirdilər. Kəbin kəsilməsi və toylar məbədlərdə keçirilirdi. Bu mərasimlə əlaqədar may ayında toylar keçirilmirdi. Amma bir qədər lətifəni xatırladan səbəblər də var. Məsələn, batil inanclara görə, may ayında toy olmamasının səbəbi yasəmənin çiçək açmasıdır. Yasəmən qədimdən bəri uğursuzluq simvolu sayılır. Bunu isə gülün adı ilə bağlayırlar. Necə deyərlər, yasəmən çiçəyinin mənası “ya sən, ya mən” deməkdir. Yəni həmin vaxtda toy eləsən, ya sən qalarsan, ya mən. Bundan başqa, may ayında xeyir-bərəkət olmadığı da sadalanan səbəblər sırasındadır. Fikir vermisizsə, xüsusən kənd yerlərində insanlar toyu payız ayına, məhsulun bol vaxtına salırlar. Bu da toyun ucuza başa gəlməsi, qurulan ailənin bərəkətli olmasına hesablanıb. May ayında yağışların çox olması da “potensial xoşbəxt cütlüklərin” qarşısını alan faktordur. Belə ki, bu ay təbiətin ağlayan dövrü kimi xarakterizə edilir. Təbiət ağlayarkən insanlar şadlıq etmək istəmirlər.

Mayda evlənənin uşağı qışda olur və...

Daha bir maraqlı səbəb isə may ayında dünya evinə girənlərin 9 ay sonra, yəni soyuq aylarda dünyaya gəlmə ehtimalıdır. Qədim zamanlarda qışda doğulan uşaqların sağ qalma ehtimalı zəif görünürdü. Buna görə də insanlar nəsillərinin davamı baxımdan bu riskə getməzdilər. Söhbət gələcək körpələrdən düşmüşkən, internetdə bir axtarış etdik. Məlum oldu ki, yaz fəslində və konkret olaraq may ayında insanların orqanimində həm mənfi, həm də müsbət yöndə dəyişikliklər olur. Müxtəlif orqanizmlərin təbiətdə baş verən proseslərə də reaksiyası dəyişkən olur. Bir qisim insan üçün fəsil dəyişkənliyi yüksək əhval-ruhiyyə gətirə bilər, digər bir qisim üçünsə tam əksinə. Bundan əlavə, el arasında aprel və may aylarına “qan qaynayan” ay da deyirlər və bu müddətdə insanların əhval-ruhiyyəsi eynilə təbiətdə olduğu kimi oyanma ilə müşayiət edilir. May ayı ginekologiyada cinsi aktivliyin artdığı ay kimi xüsusilə qeyd olunur. Ginekoloqlar iddia edir ki, yeni ailə quran xanımlarda hamiləlik dövrü adətən bu aylardan etibarən başlayır. Həkimlər may ayının insan orqanizminə vurduğu ziyanlardan da danışır. Onların fikrincə, ağır xəstəliklərdən əziyyət çəkənlər daha çox bu mövsümdə dünyasını dəyişir. Xəstəliklər də bu müddətdə daha da intensivləşir. Ümumənsə tibdə fəsillər arasında orqanizm üçün ən təhlükəlisi yay sayılır.

Səbəbkar ruslar və ermənilərdir

Amma yaşlı insanlar bildirir ki, Azərbaycanda may ayında toy edilməməsi ənənəsi rusların Azərbaycana gəlişindən sonra başlanıb. Çünki ruslar, eləcə də ermənilər arasında da bu ayın uğursuzluğu ilə bağlı mif var. Halbuki bu miflə gerçəklik bir-birinin əksidir. Təkcə Moskvada aparılan araşdırma zamanı aydın olub ki, ruslar may ayında digər aylarla müqayisədə daha çox ailə qurur. Erməni faktoruna gəlincə, düşmənlərimiz bu ayda özlərinin qondarma soyqırım hadisələrinə 40 gün yas saxlayır ki, bu da aprelin 24-dən başlayaraq mayın 24-dək davam edir. Onlar hələ iyunun əvvəlindən 1-2 gün də daxil etməklə bu müddəti matəm kimi qeyd edirlər. Ekspertlər hesab edir ki, may ayının bu cür “qaralanmasında” Bakıda yaşayan ermənilərin də rolu var. Onların uzun illər Bakıda yaşaması nəticəsində paytaxt əhli arasında may ayı matəm ayı ünvanını qazanıb.

Din də, ulduzlar da may toyuna “hə” deyir

Dində də bunun hər hansı izahatı yoxdur. Dini ekspertlər hesab edir ki, kütləviləşməkdə olan bu tendensiya avamlıqdan, cahillikdən doğur. Belə ki, müsəlman aləmində insanın günah, nalayiq iş tutduğu günlər nəhs sayılır. Bundan başqa, mayı ağır ay hesab etmək dində bir ayı o biri aydan üstün tutmaq demək olardı. Ekspertlərin fikrincə, insanlar arasında belə fikirlərin yayılmasının heç bir məntiqli açıqlaması yoxdur. Astroloq Səbuhi Rəhimli isə mediaya açıqlamasında may ayında toy olmamasını erməni soyqırımı ilə əlaqələndirib. “Ümumiyyətlə ”mayda toy qadağındır" deyə bir şey yoxdur. Nə dində, nə də astrologiyada belə bir qanunauyğunluq mövcud deyil. Deyilənə görə, bu ənənə uydurma erməni soyqırımı ilə bağlı yaranıb. Belə ki, ermənilərin uydurma soyqırımına tutduqları yasın əsas hissəsi maya düşdüyündən bu ay toy olmurdu. Həmin ənənənə özümüz də bilmədən Azərbaycanda hələ də saxlanılır. Başqa heç bir səbəb yoxdur. Tibbi və ya elmi cəhətdən may ayında toy olmaması üçün heç bir səbəb göstərilmir. Həkimlər iyul, avqust aylarında toy eləməyi məsləhət görmürlər. Düşünürəm ki, may ayında toy eləməyin uğurlu tərəfləri çoxdur".





Son bir-iki ildə mənzərə düzəlib

Mövzunu araşdırarkən şəhərdəki bir neçə şadlıq sarayı ilə əlaqə saxladıq. Ümumi mənzərə onu göstərdi ki, son bir-iki ildə may ayında toy edənlərin sayında artım olub. Amma illərdir insanlar bu ayda toy etməyə çəkinirmiş. Maraqlıdır ki, mayda toylar az olsa da, toyxana qiymətləri aşağı düşməyib. Şadlıq saraylarındakı administratorlar bildirdi ki, müğənnilər son aylar televiziya vasitəsilə bu mövzuda təbliğat apardıqları üçün mayda toy edənlərin sayında artım var. Türkiyədə isə cütlüklər toylarını daha çox maydan etibarən etməyi sevir. Çünki qonşu ölkədə açıq havada toy (onlar buna “kır düyünü” deyirlər - S.T.) dəbdədir. Cütlüklər üçün bağçada, yaşıllıq ərazidə toy ən çox tərcih edilən variantdır. Toyların təşkilatçılığı ilə məşğul olan şirkətlər də Türkiyədə bu tip toyların daha az məsrəfli, amma daha əyləncəli olduğunu iddia edir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Information about provocations of the Armenian armed forces

Oğlaq bürcü

İradə haqqında anlayış