Şəhidin gizli məktubu
Müharibədə şəhid olmuş əmim oğlu Elmir şəhadətindən sonra tamam təsadüf nəticəsində tapa bildiyimiz məktubuna bu sözlə başlamışdı, hələ o zaman avqustun 27-i idi...
"6. iyul. Hərbidə ilk olduğum gün. Hələki ev üçün darıxmamışam. Amma Gəncəyə yola düşdüyüm gün anamın arxamca baxıb ağladığını gördüm. Anam kimi mərd qadın ağlayırdı. Onun heç vaxt ağladığını görməmişdim. Hələ evə bir az gec zəng edəndə kövrəldiyini demirəm.
Artıq 52 gündür ki, hərbidəyəm. Keçirdiyim hər günə görə şükür edirəm. Olduğum bu günə kimi çox çətinliklərdən keçmişəm. Amma validenylərim bizə bu çətinliyi başa düşməyə imkan verməyiblər. Hər çətinlik və hər yaxşı günümə görə Allaha şükür edirəm.
Gəncəyə gəldiyim ilk gündən sıra məşqləri başladı. Hər gün saat 8:00-dan 11:30-a qədər məşq edirdik. Hər kəs bu məşqlərə çox həvəslə yanaşırdı. Çünki 9 avqustda təntənəli and içmə günü idi. Hər kəs valideyni qarşısında qürurla bu keçidi edəcəkdi. Amma olmadı. Ölkədəki karantin vəziyyətinə görə valideynsiz bir gün oldu. Buna da şükür. Ən azından valideynlərim əziyyət çəkib o uzunluğunda yolu gəlmədilər. Həyatda ən böyük istəyim valideynlərimə əziyyət verməmək və onların könlünü daim şad etməkdir.
14 avqust. Gəncədən Qazaxın Dəmirçilər kəndinə gəldik. Görünüşü çox qəşəydi. Düşdüyümüz mühit də mehriban idi. Çalışıram ki, burada bütün texnikaların sirrlərini dəqiqliklə öyrənim. Döyüşə tam hazırlıqlı olum. Həmişə çalışmışam və çalışacam ki, nizam-intizamlı əsgər olum.
Hələ hərbiyə gəlməmişdən neçə illər əvvəldən düşünürdüm ki, şəhid olacam. İnşallah qismət olar. Amma Allahın yazdığı əcəldi, bilmək olmaz. Amma şəhid olsam bilmirəm ki, ata-anam bu yükü qaldıra biləcək ya yox. Ölümdən heç vaxt qorxmamışam, sadəcə ailəm gözümün qarşısına gəlir. Şəhid olsam, Allahdan istəyim o olacaq ki, mənə imkan versin ki, sevdiklərimi kənardan izləyə bilim. Əsas da anamın ürəyinə sərinlik gətirməkdən ötrü. Məncə şəhid olsam, anam bu yükü qaldırmağa tab gətirə bilər, çünki Allah heç kimə qaldıra bilməyəcəyi yükü verməz deyirlər. Hər gecə yatanda şəhidlik xəyalı qururam. Yer üzündə olan bütün insanlar üçün və ailəm üçün dua edirəm. Əgər şəhid olmayıb, sağ qalsam, hər gün dua edirəm ki, Allah yol açsın ki, maddi imkanım yaxşı olsun. Çünki xeyriyyə fondu yaratmaq istəyirəm. Kiçik də olsa, körpələrə, əlacsız insanlarabacardığım qədər yardım etmək fikrindəyəm. İnşallah iki istəyimdən biri qismət olar. Yenə də xeyirlisi. Allah bilən məsləhətdi. Bu cümlələri şəhid olsam, hamı, sağ qalsam bəzi adamlar oxuyacaq. Və bu vərəyi həmişə ürəyimin üstündə gəzdirəcəm. Ola bilər ki, yenə də davam edim yazıya. :) İnşallah görüşənədək."
Bu məktubu bizə çatdıran Elmirin əsgər yoldaşına təşəkkür edirik. Etməsəydi, bilməsəydik, son sözlərindən, düşüncələrindən də xəbərdar ola bilməyəcəkdik. Bu qısa məktub belə, Elmirin necə bir insan olduğunu başa düşməyə səbəb olur.
Amma vəhşilərdən, qaniçənlərdən ibarət bir icma onu bizim əlimizdən aldı. Aramızda olmamasından, amma həmişə yanımızda olmasından sabah düz 1 il ötür...
Qulamhüseyn Məmmədov
Yorumlar
Yorum Gönder