Şeytan kimdir? Vəsvəsəni necə edir?

 



Şeytan kimdir? Vəsvəsəni necə edir?




Müqəddəs Quranın bir çox ayələrində şeytanın (lən) ardıcılı olmaq - əxlaqsızlığın simvolu kimi tanıdılmışdır. İnsanın qarşısında həmişə iki yol olar: Allahın və şeytanın (lən).

Qurani-Kərimdə Uca Allah buyurur: "Və: "Yalnız Mənə ibadət edin ki, bu, düz yoldur!". Şübhəsiz, (şeytan) sizin içinizdən bir çox dəstələrı azdırdı, heç düşünmürdünüzmü?!". ("Yasin" 61-62).

Bəziləri belə güman edir ki, şeytan - əmmarə nəfsidir. Halbuki, Quran şeytanı müstəqil bir varlıq kimi tanıdır ki, cin tayfasından xəlq edilmişdir. (Tebyan)

Bəzən şeytan dedikdə, şər insanlar da nəzərdə tutulur. "Ey Adəm övladları, məbada şeytan ata və ananızı cənnətdən çıxartdığı - belə ki, ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını əyinlərindən çıxardığı - kimi sizi (də) aldatsın və azdırsın! Şübhəsiz, o və onun qəbiləsi sizi, sizin onları görə bilmədiyiniz yerdən görürlər. (O bəşəri gözlə görünməyən mələk və ruh kimi lətif bir yerdir). Əlbəttə, Biz şeytanları, imanı olmayan kəslərin başçıları etmişik". ("Əraf" 27).

Şeytanın (lən) gördüyü işlər Quranda bəyan olnmuşdur. Şeytanın gördüyü ən mühüm iş - vəsvəsədir. "Beləliklə şeytan (lən) ona vəsvəsə edərək dedi: "Ey Adəm! Sənə əbədilik ağacını (əbədi meyvə verən və ya meyvəsi əbədi həyat bəxş edən ağacı) və köhnəlməz (heç bir hadisə ilə zəifləməyən və dağılmayan) səltənət yolunu göstərim?"". ("Taha" 120).

"Nas" surəsi də buna işarə edir: "Gizlincə vəsvəsə edənin, o, irəli-geri çəkilənin şərindən. O, (şeytanın şərindən) ki, insanların ürəklərinə vəsvəsə salır, İstər cinlərdən olsun, istərsə də insanlardan". ("Nas" 4-6).

Bəs bu vəsvəsə necə həyata keçir?

1. Şeytan çirkin əməlləri bəzəyir. Quran dəfələrlə bizə bu mövzunu xatırlatmışdır. "Şeytan onların (puç batil) işlərini onlar üçün zinətləndirdi və o, bu gün də onların (və digər kafirlərin və müşriklərin) yardımçı və başçısıdır. Onlar üçün ağrılı bir əzab vardır". ("Nəhl" 63). "Mən onun və tayfasının Allahı qoyub, günəşə səcdə etdiklərini gördüm. Şeytan onların (küfrlü) əməllərini nəzərlərində zinətləndirmişdir, beləliklə haqq yoldan onları saxlamışdır. Buna görə də əsla düz yolu tapa bilmirlər". ("Nəml" 24).

2. İnsanlara yalançı vədələr verməklə. Şeytan insana deyir ki, əgər bu yanlış işi görsən, filan şey olacaqdır. "Şeytan onlara vədə verir və arzulara daldırır. Şeytan onlara aldadıcı vəddən başqa bir şey vermir". ("Nisa" 120).

3. İnsanı qorxudaraq. Şeytanın başqa işlərindən biri də budur ki, insanı gələcəyinə görə qorxudur. Ona görə də xeyir işlər görməsinə mane olur. Quran buyurur: "Şeytan (hər dəfə mallarınızı Allah yolunda xərclədiyiniz zaman) sizə yoxsulluq vəd edir və (xəsislik və sairə kimi) pis işləri əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanmaq və xeyir-bərəkət vədəsi verir. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və (hər şeyi) biləndir". ("Bəqərə" 268).

Beləliklə məlum oldu ki, şeytan kimdir və hansı işləri görür. Şeytan (lən) insanı vəsvəsə edərək, onu Allahdan qafil edir. Dünya ləzzətləri qoymur ki, insan Allahı xatırlasın. Quranın buyurduğu kimi, insanın iki ürəyi yoxdur ki, biri şeytana, o birisi də Allaha aid olsun. "Allah heç bir kəs üçün daxilində iki ürək (və bədənində iki can və əlbəttə ki, beynində iki bir-birinə zidd etiqad) yaratmamışdır". ("Əhzab" 4).

Şeytan ancaq o kəslərə hökmranlıq edir ki, onu özünə başcı hesab edirlər. "Onun hökmranlığı (və əmri) ancaq onu dost və başçı tutan kəslər və Allaha şərik qoşanlar üzərində (keçərli)dir". ("Nəhl" 100).

Həmçinin buyurur: "Əlbəttə, Biz şeytanları imanı olmayan kəslərin başçıları etmişik". ("Əraf" 27).

Başqa bir ayədə buyurur: "Kim (nəfsi istəklərlə məşğul olaraq) Rəhman Allahı yada salmağa göz yumsa (və nəticədə qəlbi korlaşsa)ona, həmişə (vəsvəsə etmək və azdırmaq üçün) yoldaş və yaxın dost olan bir şeytan qoşarıq". ("Zuxruf" 36).

Beləliklə deyə bilərik ki, şeytan müstəqil varlıq olmasına baxmayaraq, insanın iradəsi olmadan, ona nüfuz edə bilməz. Şeytan (lən) bizim nəfsani istəklərimizi təsdiq edər və bizi həvəsləndirər. Yəni, həvəsləndirir, ancaq bizə əməli təsir etməz. Bu bizik ki, onu özümüzə yaxın buraxır və ürəyimizi ona təslim edirik

Yorumlar

Bu blogdaki popüler yayınlar

Information about provocations of the Armenian armed forces

Oğlaq bürcü

İradə haqqında anlayış